xiyabaniXX ƏSR GÜNEY AZƏRBAYCAN  AZADLIQ HƏRƏKATINDA  Ş.M.XİYABANİNİN YERİ VƏ ROLU
   1. Dövrünün savadlı ziyalısı

Azərbaycan xalqının ruhani, inqilabçı-demokrat oğlu Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi və tarixə «Xiyabani hərəkatı» adı ilə daxil olan Güney Azərbaycandakı azadlıq hərəkatının 91 illiyini ictimaiyyətimiz qeyd etdi. Bu hərəkat böyük mütəfəkkir Ş.M.Xiyabaninin və onun yaxın silahdaşlarının iştirakı ilə 1920-ci il aprelin 7-də başlamış və Azərbaycanda xalqın istəklərinə söykənən ilk milli muxtar bir hökumət qurmuşdur. Bu hökumət həmin ilin sentyabrına qədər yaşasa da Güneydəki xalq hərəkatı tarixində silinməz və yaddaqalan izlər qoymuşdur.

5 aydan bir qədər çox davam etmiş bu hərəkata 41 yaşlı müctəhid, mütəfəkkir alim, haqsızlığa və zorakılığa qarşı barışmaz mübariz Şeyx babamız Məhəmməd Xiyabani başçılıq etmişdir. Dövrünün savadlı ziyalısı olmuş Ş.M.Xiyabani geniş dini, elmi, fəlsəfi və milli-demokratik dünyagörüşünə sahib şəxsiyyət olmuşdur.

Onun haqqında yazılanlardan məlum olur ki, Ş.M.Xiyabani öz ana dilindən başqa, fars, ərəb dillərini yaxşı bilirmiş və rus dilinə bələd imiş. Ş.M.Xiyabani ilə bir dövrdə yaşayan və onu yaxından tanıyanlar öz yazılarında və xatirələrində etiraf edirlər ki, müctəhid səviyyəsində dayanan, dindarların ibadətində pişnamaz şərəfini qazanmış Ş.M.Xiyabani eyni zamanda müasir elmləri, o cümlədən sosioloji elmləri müntəzəm olaraq türk, fars və ərəb dillərində mütaliə edərək onların əsasını yetərincə mənimsəyə bilmişdi.

2. Ş.M.Xiyabaninin həyatına baxış

Şeyx Məhəmməd Hacı Əbdülhəmid oğlu Xiyabani hicri-qəməri 1297-ci (şəmsi 1258-ci, miladi 1879-cu) ildə Təbrizin 70 km-liyində yerləşən Şəbüstər mahalının Xamnə qəsəbəsində dünyaya göz açmışdır. Şeyxin atası Hacı Əbdülhəmid uzun müddət Mahaçqalada və Qafqazın başqa şəhərlərində ticarətlə məşğul olmuşdur.

Xiyabani dəfələrlə atasının ticarət etdiyi Mahaçqalaya gəlmiş, Qafqazın ozamankı siyasi, ədəbi və mədəni mühiti və tanınmış şəxsiyyətləri ilə yaxından tanış olmuşdur. Bu tanışlıq Xiyabaninin dünyagörüşündə, fəlsəfi və siyasi baxışlarının dünyəvi və milli əsaslarda formalaşmasında mühüm rol oynamışdır.Xiyabaninin həyat yoldaşı Zəhra xanım bölgənin savadlı və həm də gözəl xanımlarından olmuşdur.

Cəlil Məhəmmədquluzadənin həyat və mübarizə yoldaşı Həmidə xanım öz xatirələrində bu haqda yazır: «Mərhum Şeyxin qadını cavan və qəşəng idi. Onun nüfuzedici iri gözləri vardı. Özü də yaxşıca savadlı idi. O, əsl Şərq gözəli idi». Ş.M.Xiyabaninin Zəhra xanımdan 6 övladı (Fatimə, Mahmud, Rübabə, Həsən, Haşım və ata üzü görməyən Məhəmməd) olmuşdur.

Şeyx Məhəmməd Xiyabaninin keçdiyi həyat və mübarizə yolunu 3 dövrə bölmək olar.

Birinci dövr 1879-1905-ci illəri əhatə edən uşaqlıq və gənclik illəridir. Xiyabani bu dönəmdə doğulduğu Xamnə kəndində, sonra isə Təbrizdə müctəhid Mirzə Əbülhəsən Əngəcinin məktəbində dini elmlər üzrə təhsil almış, daha sonra tanınmış münəccim Mirzə Əbdüləlinin yanında dini təlimi təkmilləşdirməklə yanaşı, astronomiya, təbiət, hikmət, tarix, ədəbiyyat elmlərinin əsaslarını mənimsəmiş, bişmiş bir ruhani ziyalı kimi yetişmişdi.

1905-1911-ci illəri əhatə edən ikinci dövrdə Məşrutə hərəkatı və hərəkatın rəhbərləri Xiyabaninin həyatında və mubarizəsində yeni bir mərhələ açmış, onun bir azadlıq mücahidi kimi yetişməyində önəmli rol oynamışdır.

O, ruhani bir şeyx olaraq mübarizə meydanına atılmış, inqilab əsgəri kimi ələ silah alıb məşrutəçilərin səngərində vuruşmuş, alovlu nitqləri ilə inqilab mücahidlərini qələbəyə ruhlandırmaqda tarixi xidmət göstərmişdi. O, Sərdari-milli Səttar xanın qəhrəmanlığına, dönməziyinə və kütləni mübarizəyə qaldırmaq bacarığına böyük qiymət vermişdir. Xalq tərəfindən Təbriz Əncüməninə, sonra isə İran Şura Məclisinə vəkil seçilən Xiyabani özünün dərin məntiqə söykənən alovlu nitqləri ilə istibdad rejimini, ona xidmət göstərənləri, satqınları və ikiüzlüləri, ölkənin mənafeyinə xəyanət edənləri xitabət kürsülərindən cəsarətlə ifşa etməkdən çəkinməmişdi.

Ş.M.Xiyabaninin nitqləri və xalqa müraciətləri Məşrutə hərəkatı dövründə kütlənin milli oyanışında və mübarizəyə qoşulmasında önəmli rol oynamışdır.Məşrutə hərəkatının yatırılması, Səttar xana və onun silahdaşlarına qarşı basqı və təqiblərin başlanması, ölkədə cəza maşınının amansızcasına işə düşməsi minlərlə azadlıq mücahidi kimi Ş.M.Xiyabanini də gizli fəaliyyətə keçməyə və Güneydən getməyə məcbur etmişdi. O, vətəndən çox da uzaqlaşmamış, Arazı keçərək Qafqaza gəlmişdir. Təqribən 1911-1920-ci illəri əhatə edən bu dövrü Şeyxin həyatında üçüncü dövr saymaq olar. Bu dönəmdə Xiyabani bir müddət Şimali Qafqazda, atasının yanında qalmışdır.

3. Ş.M.Xiyabani Qafqazda

XX əsrin əvvəllərində Qafqazdakı qaynar siyasi-ədəbi mühit, Şeyx Şamilin başçılığı altında Şimali Qafqazda baş vermiş milli-azadlıq hərəkatı Xiyabaniyə öz təsirini göstərməmiş deyildi. Bundan başqa, o dövrdə çap olunan “Həyat”, “Molla Nəsrəddin”, “Füyuzat”, “Tərəqqi”, “İrşad”, “İttifaq”, “Açıq söz” və s. bu kimi mətbuat orqanlarında dərc olunan yazılar Ş.M.Xiyabaninin mütaliəsindən kənarda qalmır. Bundan başqa, C.Məhəmmədquluzadə, Ə.b.Hüseynzadə, M.Hadi, Ü.b.Hacıbəyli, H.b.Vəzirov, Ə.Səfərov, S.Səlmasi, S.Ə.Gilani, S.M.Qənizadə, M.Talıbov və bir çox başqa milli-demokratik müəlliflərin əsərlərindəki ana xətt də öz növbəsində Xiyabaniyə təsir göstərmiş və onun milli-demokrat istiqamətə yönəlməsində az rol oynamamışdı.

4. Ş.M.Xiyabaninin Təbrizə dönüşü

Bir müddət Qafqazda qalan Ş.M.Xiyabani 1917-ci ilin əvvəllərində (Rusiyada Fevral burjua inqilabından sonra) Təbrizə qayıdır. O, ilk əvvəl Təbriz məscidlərində ibadət edən möminlərin pişnamazı olur, sonra isə hərtərəfli dini hazırlığına görə müctəhidlik kimi ali dini rütbəyə yüksəlir. Xiyabani məscidlərdəki möizə və çıxışlarında dinin əsaslarını şərh etməklə yanaşı, yenilikdən, demokratiyadan, insan haqlarından da söhbət açır və dinləyicilərini zülmə və zorakılığa qarşı çıxmağa çağırır.

Onun təcəddüd (yenilik) fəlsəfəsinin əsasları bu çağırışlarda ifadə olunur və nəşrinə başladığı “Təcəddüd” qəzetində çap olunmuş çıxışlarında yenilikçi fəlsəfi fikirlər geniş miqyasda təbliğ edilir. Xiyabani özünün dini-fəlsəfi baxışlarında islam dəyərlərini, islamın müqəddəs kitabı Qurani-kərimdəki ədalətə çağırış prinsiplərini gözləməyi əsas şərt kimi irəli sürür, islamda dini-fəlsəfi prinsiplərin pak əxlaq, halallıq, bərabərlik və ədalət üzərində qurulduğunu söyləyir, başqasının hüququna təcavüzü, haqqının əlindən alınmasını, zülm və zorakılığı islama xəyanət hesab edir və ona qarşı çıxmağı özünün mübarizəsində əsas hədəf kimi qəbul edirdi.Xiyabani fəlsəfəsində azadlıq insanlara verilmiş ilahi bir nemət sayılır. “Hər fərd elə yaşamalıdır ki, onun taleyini və müqəddəratını başqası yox, özü təyin etməlidir”.

O deyirdi: “Biz yandırdığımız çırağın ixtiyaratı özümüzdə olmalıdır. Azadlıq yolunda ölmək həm borcumuz və həm də şərəfimizdir”. Xiyabani özü bu şərəfə nail olmuşdur.1917-ci ilin fevralında Rusiyada çarizmin yıxılması, Qafqazda, o cümlədən Quzey Azərbaycanda demokratik hərəkatın canlanması İrandakı rejimi də laxladır, kütlənin oyanmasını və hərəkətə gəlməsini sürətləndirir.

Siyasi mühitin verdiyi məhdud azacıq imkandan bacarıqla istifadə edən Xiyabani öz fəaliyyətini Demokrat Firqəsinin Azərbaycandakı təşkilatını bərpa etməyə yönəldir. O, bu məqsədlə onunla həmfikir olan şəxslərin, Mirzə İsmayıl Nobəri, Məhəmmədəli Badamçı, Mirzə Tağı xan Rüfət, doktor Zeynalabdin xan, Sultanzadə, Zeynalabdin Qiyami, Mirzə Əli Heyət və b. köməyi ilə 1917-ci ilin aprelində Azərbaycan Demokrat Firqəsinin Azərbaycandakı təşkilatının fəaliyyətini bərpa etməyə müvəffəq olur.

Demokrat firqəsinin bərpa edilməsi və kütlənin firqə ətrafında mübarizəyə qoşulması xalq hərəkatının yeni vüsət almasında önəmli rol oynamışdır.Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında 1917-ci ilin aprelində Təbrizdə Azərbaycan Demokrat Firqəsinin yenidən bərpası ilə bağlı təsis konfransı keçirilir. Konfransda Güney Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş 480 nəfər nümayəndənin iştirakı ilə Əyalət Komitəsi seçilir.

Ş.M.Xiyabaninin firqənin Əyalət Komitəsinə sədrliyi irəli sürülür və yekdilliklə təsdiq edilir. Xiyabaninin başçılıq etdiyi Demokrat Firqəsi az müddət içərisində xalqı ölkəni əcnəbilərə satılmış rejimin əleyhinə kütləvi mübarizəyə qaldıra bildi. Baş nazir Vüsuqüddövlə hökumətinin 1919-cu ildə İranı ingilislərin tam əsarətinə salan xəyanətkar müqaviləyə imza atması xalq hərəkatının yeni və güclü dalğasını yaratmış oldu. Xiyabani və onun silahdaşları xalqı mübarizəyə qaldırmaqda bu hadisədən bacarıqla istifadə edə bilmişlər.

Demokratlar başda Ş.M.Xiyabani olmaqla Təbrizdən İran Şura Məclisinə 6 nümayəndənin seçilməsinə müvəffəq olduqları halda, baş nazir Vüsuqüddövlənin namizədliyi burada qutuda qalmışdı. Bu, Şeyxin başçılıq etdiyi hərəkatın qüdrətinə dəlalət edən mühüm faktlardan biridir. Məclisə seçkilərdə Azərbaycandan ağır zərbə almış baş nazir əvəz çıxmaq üçün Azərbaycandakı milli hərəkata qarşı geniş miqyaslı hərbi hücuma hazırlaşdı. Bu məqsədlə o, isveçli təlimatçı hərbçilərin (Öyurlenk və Fukeklo) başçılığı altında təlim keçmiş xüsusi cəza ordusunu Azərbaycanın üzərinə yeritdi. Bununla kifayətlənməyərək, Tehran Demokrat Firqəsi rəhbərliyində ikitirəlik salmağa müvəffəq oldu.

5. Demokrat Firqəsində iki cinah: “inqilabiyyun” və “tənqidiyyun” cinahları

Firqə rəhbərliyində “inqilabiyyun” və “tənqidiyyun” adlanan iki dəstənin meydana gəlməsi hərəkata ağır zərbə oldu.Şeyxin başçılıq etdiyi dəstə tarixi ədəbiyyatda “inqilabiyyunçular” adlandırılır. Bu dəstə əsasən rejimlə barışmayanlar idi. Onlar hüquq bərabərliyi, əncümənlərə özünü müstəqil idarəetmə səlahiyyəti verilməsini tələb etməklə yanaşı, dillərin, milli kimliyin, demokratik azadlıqların və insan haqlarının tapdalanması əleyhinə çıxırdılar.

Xiyabaninin silahdaşı Hacı Məhəmmədəli Badamçı bu dəstənin məram və məqsədini şərh edərkən deyirdi: “Məqsədimiz ölkədə islahat aparmaqdır. Maarif şəbəkələrini genişləndirməkdir. İntizamlı, xalqa xidmət edən ordu yaratmaqdır. İqtisadiyyatı qaldırmaqdır. Milli sənayeni qabağa aparmaqdır. Elə bir hökuməti iş başına gətirməliyik ki, o, millətin xeyrinə fəaliyyət göstərə bilsin, ölkədəki hərc-mərcliyə və dərəbəyliyə son qoya bilsin. Məmləkətin hər yerində abadlığa fikir verilsin”.

“Tənqidiyyun” adlanan dəstənin (Seyid Əhməd Kəsrəvi, doktor Zeynalabdin xan, Mirzə Əli Heyət, Mirzə Bağır Təleyi, milliyyətcə Bakı ermənilərindən olan Sultanzadə və b.) platformasına gəldikdə onlar azərbaycançılıqdan üz döndərib «böyük İran», «vahid dil və millət» məfkurəsinə, kəsrəvizmə tərəf saxlayanlar idilər. Onlar mərkəzlə «dil tapmağı», rejim əleyhinə radikal şüarlardan əl çəkməyi tövsiyə edirdilər.Xiyabani və onun həmfikirləri ilə Seyid Əhməd Kəsrəvi başda olmaqla “tənqidiyyunçular”ın başqa ixtilafları toplantılarda, çıxışlarda, sənədlərdə və mətbuatda Azərbaycan türkcəsinin işlədilməsi, ölkəyə “Azadistan” adının verilməsi, əncümənlərin timsalında muxtariyyatın tələb edilməsi, “ariyaçı” kimliyindən azərbaycançılıq kökünə qayıtmaq istəyinin gündəmə gətirilməsi məsələləri olmuşdur.

Onlar israr edirdilər ki, ölkənin “Azadistan” adlandırılması “təcziyətələblik”dir (separatizm), Azərbaycanı bu adla ayıraraq Şimali Azərbaycana birləşdirməkdir. Kəsrəvinin yazdıqlarına istinad etsək onun Xiyabanidən ən böyük narazılığı Şeyxin toplantılarda Azərbaycan türkcəsində danışması və xalqa bu dildə müraciət etməsi olmuşdur. Türk dilinin azərbaycanlıların ana dili olmadığını söyləyən Kəsrəvi və onun həmfikirləri türkcənin bu xalqa (Cənubdakı türklərə) səlcuq-monqol istilalarından sonra, guya zorla qəbul etdirildiyini deməklə elmi və tarixi əsası olmayan uydurma bir məntiqə söykənmişdir. Onlar Arazın obiri tayını (Şimali Azərbaycanı) etnik və dil cəhətdən Cənubla tarixi əlaqəsi olmayan başqa bir bölgə – Aran adlanan bir ölkə hesab edirdilər (bu məfkurə müasir İranda yenə də yaşamaqdadır).Sənədlərdə göstərilir ki, başda S.Ə.Kəsrəvi olmaqla “tənqidiyyun” dəstəsinin üzvləri 1920-ci il aprelin 7-də – Güney Azərbaycanda Milli Hökumət qurulduqdan sonra Təbriz valisi Eynüddövlənin yanına gələrək onunla gizli sövdələşiblər. Onlar Xiyabanidən valiyə şikayət edib, dövlətə qarşı qiyam qaldıranlara etiraz əlaməti olaraq «bəstə oturmağa» (oturaq etiraza) icazə istəmişlər. Kəsrəvi sonralar etiraf edirdi ki, «…Xiyabani hərəkatı başlamazdan əvvəl də biz onlarla razılaşmırdıq.

Hərəkat nəticəsində hökumət yarandıqdan sonra bu narazılıq düşmənçiliyə çevrildi».Demokrat Firqəsinin Azərbaycan təşkilatı bərpa ediləndən sonra onun nüfuzu xalq içərisində gündən-günə artdı. Firqənin yerlərdə də (Sərab, Ərdəbil, Urmiya, Zəngan və s. şəhərlərdə) komitələri yaradılmışdı. Vüsuqüddövlə hökumətinin ingilislərlə bağladığı gizli müqavilə əslində İranı da Hindistan kimi ingilislərin müstəmləkəsinə çevirməyi nəzərdə tuturdu. Dövlətin bu rüsvayçı əməli ilə razılaşmayan Xiyabanı etiraz əlaməti olaraq azərbaycanlı demokrat deputatların 1920-ci ilin yazında Tehranda açılan İran Şura məclisinə getməsinə razılıq vermədi. Şeyxin alovlu çağırışları ilə 1920-ci il aprelin 7-9-da fasiləsiz mitinqlərlə Təbriz əhalisi ayağa qalxdı. Azərbaycanın bütün bölgələrindən Təbrizə kütləvi axın başlandı. Mərkəzi hökumətin Təbrizə vali göndərdiyi Mehdiqulu xan Muxbirüssəltənə Xiyabaninin göstərişi ilə şəhərdən qovuldu.

Dövlət idarələri, poçt-teleqraf üsyançıların ixtiyarına keçdi. Kazak alayında xidmət edən vətənpərvər azərbaycanlı əsgər və zabitlər də Alaqapıya – Xiyabani hökumətinin yerləşdiyi binaya gəldilər və özlərinin üsyançılar tərəfində olduğunu bildirdilər. Beləliklə, 1920-ci il aprelin 7-də başlanan üsyan 5 gün ərzində hakimiyyətin xalqın ixtiyarına keçməsinə səbəb oldu. Mərkəzi Təbriz olan Azərbaycan Muxtar Hökuməti özünü Tehrandan asılı olmayan muxtar bölgə elan etdi. Azad olmuş əraziyə “Azadistan” adı verildi. Əvvəl iqamətgahı “Təcəddüd”ün redaksiyasında yerləşən Muxtar Hökumət aprelin 17-də xalq şənlikləriylə təntənəli şəraitdə əvvəllər Vəliəhdin oturduğu Alaqapıya köçürüldü. Xalq izdihamı qarşısında çıxış edən Xiyabani demişdir: «Əsrin övladlarıyıq, öz əsrimizə ağ ola bilmərik.

Biz öz zaman və əsrimizə qarşı yox, irtica və istibdada qarşı qiyam etmişik. Əgər bizim iradə və əzmimiz möhkəm, fəaliyyət və fədakarlığımız müstəqim və sabit olarsa, zəmanəmizin həqiqi övladları ola bilərik».Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi hərəkatda “Təcəddüd” (“Yenilik”) adlanan qəzetin xüsusi rolunu qeyd etməliyik. “Təcəddüd” milli oyanışda Xiyabani hərəkatının ideoloji silahı, xalqın mübarizəsini əsas hədəfə yönəldən kəsərli mətbuat orqanı olmuşdur. Şeyx və onun silahdaşları bu qəzet vasitəsilə hərəkatın məqsəd və vəzifələrini kütləyə çatdırmaqda, rejimlə xalq arasında mənafelərin toqquşması səbəblərini şərh etməkdə və xalqı mübarizəyə qalxmağa, kütləni təbliğ və təşviq etməkdə misilsiz xidmət göstərmişdir. Xiyabaninin bütün nitqlərinin və çıxışlarının əsas hissələri bu qəzetdə çap olunmuşdur.

“Təcəddüd”ün ilk nömrəsi 1917-ci il aprelin 17-də çap edilmişdi. 1917-ci ilin aprelindən 1920-ci il sentyabrın əvvəlinə qədər qəzetin 202 nömrəsi çıxmışdı. “Təcəddud”ün ilk redaksiya heyəti Ş.M.Xiyabani, Əbülhəsən Füyuzat, Abdulla Abdullazadə (Fərivər), İsmayıl Əmirxizi və gənc şair-publisist Mirzə Tağı xan Rüfətdən ibarət olmuşdur. Qəzetin redaktoru əvvəl Ə.Füyuzat, sonra isə şair-publisist M.T.x.Rüfət olsa da, mərhum Qulam Məmmədlinin yazdığına görə, 37-ci nömrədən başlamış 202-ci nömrəyədək qəzet Şeyxin başçılığı altında çap edilmişdir. Xiyabaninin bütün nitq və çıxışlarının əsas hissələri bu qəzetdə türkcə və farsca çap olunmuşdur.Xiyabani və onun başçılıq etdiyi hərəkatın dəyərli tədqiqatçısı Əli Azəri “Təcəddüd”ün fəaliyyətini belə ümumiləşdirmişdi: xalqı şahlıq rejiminə və istibdada qarşı mübarizəyə qaldırmaq və hərəkata başçılıq etmək üçün Azərbaycan Demokrat Firqəsinin fəaliyyətini bərpa edib gücləndirmək, ölkədəki özbaşınalığa son qoymaq, ərbab-kəndli münasibətlərini nizama salmaq, yad ölkələrin müdaxiləsinə son qoymaq, vətənpərvər və milli ziyalıları “Təcəddüd” ətrafına toplamaq və onları istiqamətləndirmək, cəhalətə və savadsızlığa qarşı mübarizə aparmaq, cəmiyyətdə yenilikləri yaymaq, əyalətlərin hüquq və muxtariyyətini dövlətlən tələb etmək. Bunların hamısı “Təcəddüd” qəzetinin başlıca hədəfi və tələbi olmuşdur.6. Ş.M.

6-Xiyabaninin başçılıq etdiyi hökumət və onun tədbirləri

Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında 1920-ci ilin aprelində yaradılmış və həmin il sentyabrın 13-də süqut etmiş Azərbaycan Milli Hökuməti cəmi 155 gün yaşamışdı. Onun yaşadığı çox qısa müddət ərzində həyata keçirdiyi siyasi, iqtisadi və mədəni tədbirlər bu hökumətin milliliyinə, quruculuq qabiliyyətinə və təşkilat bacarığına dəlalət edir. Şeyxin rəhbərliyi altında tərtib edilmiş hökumətin proqramında deyilirdi: “Biz istəyirik zamanın tələbinə uyğun fəaliyyət göstərək”. Xiyabani deyirdi: “Biz istəyirik ki, əl və ayaqlarımızı cəhalət və nadanlıq zəncirlərindən xilas edək. Azad hərəkət edək, yüz illik zülm və fəlakətdən qurtaraq!”.

Şeyxin qurduğu hökumət məram və əqidəcə sosializmdən, kommunizmdən və onun nəzəriyyəçilərindən tam uzaq və sinfi mübarizəni qəbul etməyən milli bir hakimiyyət olmuşdur. Bu hökumətə bütün sinif və təbəqələrin nümayəndələri daxil edilmişdi. Hökumətin rəyasət heyətinə daxil olan 20 nəfərdən Məhəmmədəli Badamçı, Əlinağı Bəneeyi tacir, Haşım Neysari, Mahmud Əmin mülkədar, Mirzə Tağı xan Rüfət, İsmayıl Əmirxizi, Əbülqasım Füyuzat, Məhəmmədhüseyn Səfvət ziyalı, Nurulla xan Yekani, Nüsrətulla Neysari, Zeynalabdin Qiyami Məşrutə inqilabının iştirakçısı və inqilabın veteranları idilər.

Milli Hökumətin tərtib etdiyi fəaliyyət proqramında önəmli məsələlərdən biri və başlıcası ölkədə şahlığı ləğv edib, respublika idarə üsulu yaratmaq idi. Bununla birlikdə, ərbab (iri mülkədar)-kəndli münasibətlərini ədalətlə nizama salmaq, işsizliyi aradan qaldırmaq, milli sahibkarlığa dəstək vermək, dayanmış istehsal müəssisələrini işə salmaq, abadlığa diqqət ayırmaq, savadsızlığı ləğv etmək, ana dilində tədrisə, bu dildə qəzet, dərgi və kitabların nəşrinə hazırlıq görmək və s. bu cür siyasi-sosyal-mədəni və iqtisadi məsələlərə Xiyabaninin başçılıq etdiyi hökumətin iş proqramında üstün yer verilmişdi.Görüləcək işlərin proqramını hazırlamaq və icra etmək üçün hökumət komissiyası yaradılmışdı.

Bu komissiya görülən işlər üçün dövlət qarşısında məsuliyyət daşıyırdı. Torpaq islahatı, vergi sisteminin ədalətlə nizama salınması, maarif və mədəniyyət məsələləri, ölkədə savadsızlığın ləğvi, qızlar üçün məktəblərin açılması, teatr cəmiyyətinin təşkili, Təbrizdə və bölgələrdə tibb məntəqələrinin təşkili, yeraltı və yerüstü sərvətlərdən səmərəli istifadə, milli sənaye, ticarət və iqtisadi quruculuq... yaradılmış komissiyanın fəaliyyət proqramına daxil olan işlərdi.Zamanın darlığı sadalanan tədbirlərin yetərincə həyata keçirilməsinə imkan verməsə də sosial-iqtisadi və mədəni quruculuq sahəsində icrası mümkün işlər görülmüşdü.Xiyabaniyə görə, millətin öz haqqını alması və basılmazlığı üçün savadlı olması gərəkdir.

O deyirdi: «Savadsızlıq cəhalət və fanatizm üçün münbit zəmin yaradan əsas səbəbdir». Xiyabani Azərbaycan Əyalət Əncümən Şurasının səlahiyyətlərini Azərbaycanın Tehrandan asılılıq və ələbaxımlığının aradan qaldırılması səviyyəsində artırmağın tərəfdarı idi.

1920-ci ildə Ş.M.Xiyabaninin başçılıq etdiyi hökumətin «Azadistan» adlandırılması tarixşünaslığımızda bir qədər mübahisəli sayılan məsələlərdəndir. Xiyabanişünaslardan bir çoxu belə hesab edir ki, bu ad Azərbaycanın İran daxilində azad olmuş bir diyar kimi təqdim olunması ilə bağlıdır. Başqa cəhətdən, bu adın verilməsi 1920-ci ilin aprelində qırmızı ordunun Azərbaycanın quzeyini işğal etməsi, bu təhlükənin (iştahın) güneyə yönələ bilməsi ehtimalı ilə bağlı olmuşdur.

Güney Azərbaycan tarixçilərinin böyük əksəriyyətinin fikri belədir ki, «Azadistan» adı tarixi şəraitlə bağlı ortaya gəlmiş və Azərbaycanın ərazi bütövlüyünün hər hansı məqsədlə pozulması cəhdi kimi başa düşülməməlidir. S.Ə.Kəsrəvi və onun tərəfdarları Azərbaycanın cənubuna “Azadistan” adının verilməsini Azərbaycanın İrandan ayrılması, təcziyətələblik (separatçılıq) kimi qələmə vermişlər.

7. Xiyabani hərəkatının süqutu

1920-ci ilin aprel-sentyabr aylarında Güney Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin başçılığı altındakı milli-demokratik hərəkat Tehran rejiminin və ona hamilik edən xarici imperialist dövlətlərin rahatlığını əlindən almışdı. «Böyük İran»ın parçalanması üçün real təhlükə sayılan Xiyabani hərəkatını nəyin bahasına olursa-olsun yatırmaq, onun başçılarını, fəallarını və tərəfdarlarını məhv etmək Tehrandakı şovinistlər üçün gündəmdə duran əsas məsələ olmuşdur. Bu işdə ingilislərə nökərliklə hərbi nazir vəzifəsinə, sonra isə şahlığa yüksəlmiş Rza xanın başçılıq etdiyi hərbi hissələrin kazak dəstələri ilə birlikdə Azərbaycana yürüşü onlar üçün istənilən nəticəni verdi.

Müxbirüssəltənələr, Eynüddövlələr, Vüsuqüddövlələr, millətinə xəyanət etməkdən çəkinməyən neçə-neçə «dövlələr» və onlara qoşulmuş “tənqidiyyun” kimi dönüklər və xəyanətkarlar – bunların hamısı Təbrizdə yandırılmış azadlıq çırağını söndürmək üçün əl-ələ verdi. Nəticədə azadlıq ocağı söndürüldü, mücahidlər məğlub edildilər.1920-ci il sentyabrın 12-də sübh tezdən Muxtar Hökumətin yerləşdiyi Alaqapıya, demokratların evlərinə, onların tərəfini saxlayan dükanlara hücum başlandı. Təbriz küçələri azadlıq mücahidlərinin al qanına boyandı. Tehrandan gəlmiş ordu kazaklarla birlikdə evlərə, mağazalara soxulub kütləvi talanlar və zorakılıqlar etdilər. Şeyxin 300-dən çox yaxın silahdaşının evlərinə od vurub yandırdılar.Müxbirüssəltənə Şeyxin başını kəsib gətirənə böyük mükafat vəd etmişdi. Xiyabaninin yaxın qonşusu Şeyx Həsən Miyanəçi Şeyxi evində gizlətsə də iki gündən sonra onun yeri qatillərə məlum olur. 1920-ci il sentyabrın 14-də Azərbaycan xalqının böyük ruhani-alim oğlu Şeyx Məhəmməd Xiyabani qətlə yetirilir.

Muxbirüssəltənəyə xoş gəlsin deyə qatillər onun bir qolunu da qılıncla vurulub yerə salırlar. Bununla ürəkləri soyumayan cəlladlar Şeyxin cənazəsini ata qoşulmuş nərdivana qoyub xiyaban və küçələrdən keçirərək Alaqapıya aparırlar. Son günlərdə etdiyi çıxışlarının birində Şeyx babamız demişdi: “Ucdantutma qırğınlar, soyğunlar, zülm və işgəncələr Azərbaycandakı istiqlaliyyət hərəkatını və azadlıq tələblərini məhv edə bilməyəcəkdir”.Şeyx Məhəmməd Xiyabaninin cənazəsi zorla düşmənlərin əlindən alınaraq Təbrizin “Seyid Həmzə” qəbiristanlığında torpağa tapşırıldı. Sonrakı illərdə “Seyid Həmzə” qəbiristanlığı söküldüyündən Xiyabaninin sümükləri onu sevən insanlar tərəfindən Tehrana aparılaraq orada “Şah Əbdüləzim” qəbiristanlığında (Səttar xanın məzarından bir qədər aralı) dəfn edildi.

8. Hərəkatın sonrakı nəsillər üçün dərsləri

Ş.M.Xiyabani Vətənin azadlığı yolunda şəhid oldu. Təsəllimiz odur ki, Xiyabanilərin Vətən torpağına səpdiyi azadlıq toxumları çürüyüb məhv olmadı. Zaman-zaman bu toxumlar cücərib sonrakı nəsilləri azadlıq və qurtuluş zirvələrinə doğru mübarizəyə ruhlandırdı. Ş.M.Xiyabani son çıxışlarının birində demişdi: “Haqqa xidmət etmək istəyən bir qüvvə daha güclü düşmənlərin müqabilində məğlub olsa belə, o yenə bir gün dirçəlməyə və ölməz səsini qulaqlara çatdırmağa müvəffəq olacaqdır. Ey ölməz Azərbaycan, başını uca tut, yaşa və ədəbi var ol!”.Ş.M.Xiyabani hərəkatının sonrakı illərdə Güney Azərbaycanda baş vermiş milli oyanış və dirçəliş hərəkatında önəmli rolu danılmazdır. Xiyabani hərəkatının yatırılmasından sonra, Rza xan diktaturası zamanında ağır mübarizə şəraitində davam edən milli və demokratik hərəkatın fəalları və iştirakçıları üçün Xiyabani şəxsiyyəti və onun adı ilə bağlı hərəkatın məram və qayəsi azadlıq mücahidlərinə istiqamətverici, yol göstərən mənəvi kompas olmuşdur.

Xiyabani əməllərinin davamçısı olmuş vətənpərvər, azadlıq istəyən qüvvələrin 1945-ci il sentyabrın 3-də yaratdığı firqəyə Xiyabani dövründəki adın – Azərbaycan Demokrat Firqəsi adının verilməsi təsadüfi deyildi.1945-cı ildə Güney Azərbaycanda qurulmuş Azərbaycan Milli Hökumətinin məramnaməsində və fəaliyyət proqramında Xiyabaninin düşündüyü, arzu etdiyi və uğrunda canını qurban verdiyi məsələlər öz əksini tapmışdı.

1946-cı ildə Təbrizdə Xiyabaniyə abidə qoyulması, adına xiyaban və məktəbin verilməsi, hökumət bayrağında Səttar xanla yanaşı Xiyabaninin şəklinin həkk olunması, Xiyabani ilə bağlı muzeyin təşkili, Azərbaycan Milli Məclisi tərəfindən Xiyabani ailəsinə diqqət və göstərilən qayğı – bunların hamısı Xiyabaninin Güney Azərbaycandakı milli demokratik hərəkatındakı xidmətlərinə verilmiş qiymətin göstəriciləri idi. Bunlar həm də yeni nəslin şanlı keçmişinə hörmət və minnətdarlığı idi. 1945-ci ildə yaradılmış Azərbaycan Milli Hökumətinin fəaliyyət proqramında icrası nəzərdə tutulan məsələlərin çoxu hələ 25 il əvvəl Xiyabaninin həyata keçirmək istədiyi işlərin nümunəsi idi. Xiyabani Azərbaycanın İran daxilində muxtar hüquqlu, özünü idarə etmək səlahiyyəti olan Əyalət və Vilayət Əncümənli, azad, demokrat bir bölgə olmasını tələb edirdi. Xiyabani deyirdi: “Biz elə bir çıraq yandıraq ki, onun ixtiyarı öz əlimizdə olsun”.

S.C.Pişəvəri isə deyirdi: “Biz Tehrandan artıq heç nə istəmirik – bizə İran hüdudları daxilində muxtariyyət versin və qoysun öz əlimilə özümüzü idarə edək”.Ş.M.Xiyabaninin hökumətində olduğu kimi, Azərbaycan Demokratik Firqəsinin 1945-ci ildə qəbul edilmiş məramnaməsində də sinfi mübarizə rədd edilir, hansı sinif və təbəqəyə mənsub olmasından asılı olmayaraq, Azərbaycan azadlığına tərəfdar olanlar üçün bütün qapıların açıq olduğu bldirilir. İnsanların (kişi və qadınların) cəmiyyətdə bərabər hüquqlu olması, demokratik üsuli-idarənin bərpa edilməsi, insan haqlarının qorunması, torpaqların (əkin sahələrinin) kəndlər arasında ədalətlə bölüşdürülməsi, şəhər, rayon və kəndlərin abadlaşdırılması, orada səhiyyə və tədris ocaqlarının yaradılması və s. bu kimi çoxsaylı tədbirlər həm Xiyabani hökumətinin, həm də 1945-ci ildə yaradılmış Azərbaycan Milli Hökumətinin fəaliyyət proqramında üst-üstə düşür.Aparılan müqayisə və paralellik göstərir ki, Xiyabaninin rəhbərliyi altında baş vermiş hərəkatın qayə və məqsədi sonra gələn xalq hərəkatları üçün də örnək və hədəf olmuşdur. İllər və qərinələr ötsə də bu örnək və hədəf Güneydəki azadlıq hərəkatı üçün öz aktuallığını, dəyər və önəmini itirməmişdir. Bunlar Xiyabaninin rəhbərlik etdiyi hərəkatın sonrakı nəsillər üçün qoyub getdiyi əvəzsiz yadigarlardır. Bu yadigarları qoruyan xalq gec-tez Xiyabaninin hədəf götürdüyü məqsədə çatacaqdır.

İstifadə olunmuş qaynaqlar: 

    علی آذری، قیام شیخ محمد خیابانی در تبریز، چاپ چهارم، 1354 (Ali Azeri, Azadistan devleti ve Şeyh Muhammed Hiyabani, Ankara, ilsiz, “Elipa” nəşriyyatı)
    سید احمد کسروی، قیام شیخ محمد خیابانی، تهران، 1376
    شرح حال و اقدامات شیخ محمد خیابانی، بقلم چند نفر از دوستان و آشنایان او، تهران، 1378
    دکتر عین الله مددی، خیابانی حرکاتی، اتهاملار و حقیقتلر، "وارلیق" سال 1380
        Qulam Məmmədli. Xiyabani. Bakı, 1949.
        Şövkət Tağıyeva. 1920-ci il Təbriz üsyanı. Bakı: Elm, 1990.
        Mirzə İbrahimov. Cənubi Azərbaycanda milli demokratik hərəkat haqqında. – “İnqilab və mədəniyyət”, Bakı, 1947, № 4.
        Vüqar Əhməd. Şeyx Məhəmməd Xiyabani (həyatı, fəaliyyəti və ədəbi fəaliyyəti). Bakı, 2010.
        حسین فرزاد، مجموعه نطقهای شیخ محمد خیابانی، تبریز، ..1323
        حمیده خانم محمدقلی زاده، میرزه جلیل حقینده خاطره لریم، تهران، 1382
        صمد سرداری نیا، مشاهیر آذربایجان، جلد دوم، تبریز، 1364
        زهره وفالی، ناموران آذربایجان، تبریز، 1378
        قیزیل صحیفه لر، تبریز 1325
        1340شیخ محمد خیابانی، آذربایجان و آذربایجانین دمکراتیک قوه لری ("آذربایجان" روزنامه سینین نشریه سی)،

Go to top